Prezident təqaüdçüsü, BANM-in tələbəsi Həmid Həşimzadə Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Almaniyanın nüfuzlu magistratura proqramlarına qəbul olunaraq mühüm akademik uğura imza atıb.
“Tehsil365“ xəbər verir ki, Bakı Ali Neft Məktəbinin "Biznesin idarə edilməsi" ixtisasının V kurs tələbəsi olan H. Həşimzadə Böyük Britaniyanın aparıcı ali təhsil müəssisələrindən biri – London İmperial Kollecinin “İqtisadiyyat və Biznes Strategiyası” proqramına qəbul təklifi alıb. O, eyni zamanda ABŞ-nin Yel Universitetində “Beynəlxalq və inkişaf iqtisadiyyatı” ixtisası üzrə təhsil almaq hüququ qazanıb. Bundan əlavə, Almaniyanın nüfuzlu DAAD (Alman Akademik Mübadilə Xidməti) proqramı çərçivəsində “İqtisadiyyat / iqtisadi siyasət” istiqaməti üzrə təqaüd əldə edib.
Qeyd edək ki, Həmid Həşimzadə 2021-ci ildə 682 bal toplayaraq Bakı Ali Neft Məktəbinə qəbul olub və Prezident təqaüdçüsü adına layiq görülüb. Təhsil müddətində yüksək akademik göstəricilərinə görə hər semestr “Qızıl 10-luq” siyahısında yer alıb. O, IELTS imtahanından 8.0 bal toplayıb.
Tələbə müxtəlif nüfuzlu qurumlarda da təcrübə keçib. O, “Unibank”, “BERC&Partners” və “Veysəloğlu Şirkətlər Qrupu”nda maliyyə və konsaltinq sahələrində fəaliyyət göstərib. 2023-cü ildə Paşa Holding tərəfindən təşkil olunan “Əlaçı” təqaüd proqramının qalibi olub.
Bundan başqa, H. Həşimzadə 2024-cü ildə Almaniyada Şmalkalden Tətbiqi Elmlər Universitetində bir semestr təhsil alıb və HAW.International təqaüdünü qazanıb. O, eyni ildə “Davamlı ətraf mühit: Yaşıl enerjiyə keçid” mövzusunda beynəlxalq elmi konfransda “Yaşıl iqtisadiyyat” üzrə tezislə çıxış edib.
Onun uğurları bununla məhdudlaşmır. 2025-ci ildə Özbəkistanda keçirilən “Beynəlxalq Biznes Keys Müsabiqəsi”ndə 3-cü yerə layiq görülən tələbə hazırda "Boston Consulting Group" şirkətinin BANM üzrə səfiri kimi fəaliyyət göstərir. Eyni zamanda, “Caspian Capital Holding”də biznesin inkişafı üzrə kiçik layihə meneceri kimi çalışır.

