Aprelin 9-da Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Rəssamlıq Akademiyası və YARAT Müasir İncəsənət Məkanının tərəfdaşlığı ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra olunan “Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsi çərçivəsində müəllimlər üçün təşkil olunan düşərgənin açılış mərasimi keçirilib.
“Tehsil365“ xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini, Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorunun müdiri Ayla Həsənova-Məmmədova, Azərbaycan Rəssamlıq Akademiyasının Təsviri sənət və sənətşünaslıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərminə Rzayeva, YARAT Müasir İncəsənət Məkanının Təhsil departamentinin rəhbəri Aysel Abdullazadə və "Regional İnkişaf" İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı çıxış ediblər. Çıxışlarda layihənin əhəmiyyəti vurğulanaraq bildirilib ki, təşəbbüs müəllimlərin məktəbdənkənar fəaliyyətləri daha səmərəli təşkil etməsinə, tədris prosesində yaradıcı və interaktiv yanaşmaların tətbiqinə şərait yaradır. Eyni zamanda qeyd olunub ki, bu yanaşma şagirdlərdə sosial bacarıqların formalaşdırılmasına və milli-mənəvi dəyərlərin daha təsirli şəkildə aşılanmasına xidmət edir.
Tədbirin sonunda xatirə fotosu çəkilib.
Qeyd edək ki, düşərgənin əsas məqsədi müəllimlərin məktəbdənkənar fəaliyyətlərin təşkili, yaradıcı yanaşmaların tətbiqi və bu fəaliyyətlərin tədris prosesinə inteqrasiyası üzrə praktiki bacarıqlarının gücləndirilməsidir. Düşərgə çərçivəsində müəllimlər üçün müxtəlif mövzular üzrə təlimlər, təqdimatlar, interaktiv sessiyalar və praktiki məşğələlər təşkil olunacaq.

