Texnologiyanın sürətli inkişafı və sosial mühitin dəyişməsi uşaqların böyümə və öyrənmə prosesinə də təsirsiz ötüşmür. Bu günün uşaqları ilə əvvəlki nəsil arasında ciddi fərqlərin olduğu tez-tez vurğulanır. Bəs bu fərqlər nələrdir?
Mövzu ilə bağlı məktəbəqədər təhsil üzrə ekspert Gülnar Babayeva “Tehsil365"ə açıqlama verib.
Ekspert bildirib ki, “Müasir uşaqlar informasiya ilə daha erkən yaşda tanış olur və texnologiyaya daha sürətli uyğunlaşırlar. Bu isə onların düşünmə və qavrama tərzinə birbaşa təsir edir.”
Onun sözlərinə görə, “Bugünkü uşaqlar daha çevik düşünür, eyni anda bir neçə məlumatı emal etmək bacarığına malik olurlar. Lakin bu, bəzən diqqətin tez yayınması kimi çətinlikləri də ortaya çıxarır.”
Ekspert qeyd edib ki, sosial bacarıqlarda da müəyyən fərqlər müşahidə olunur: “Əvvəlki nəsil daha çox fiziki oyunlar və canlı ünsiyyətlə böyüyürdü. Müasir uşaqlarda isə rəqəmsal ünsiyyət daha üstünlük təşkil edir ki, bu da sosial münasibətlərə təsir edə bilər.”
O həmçinin vurğulayıb ki, valideyn yanaşması da dəyişib: “Bu gün valideynlər daha məlumatlı və diqqətlidirlər, lakin bəzən həddindən artıq nəzarət uşağın müstəqillik bacarıqlarının inkişafını məhdudlaşdıra bilər.”
Sonda ekspert bildirib ki, “Hər dövrün uşaqları öz zamanının məhsuludur. Əsas məsələ dəyişən şəraitə uyğun olaraq onların sağlam və balanslı inkişafını təmin etməkdir.”

