Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının Beynəlxalq əlaqələr və elmi innovasiyalar komissiyasının təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin (BMR) müəllimləri üçün “Süni intellekt savadlılığı” mövzusunda onlayn təlim keçirilib.
“Tehsil365” xəbər verir ki, təlimdə BMR fakültəsinin Beynəlxalq münasibətlər, Fəlsəfə və ictimai elmlər, Qafqazşünaslıq, eləcə də Qərb və Şərq ölkələri üzrə regionşünaslıq kafedralarını təmsil edən 60 müəllim iştirak edib.
“Asan İnnovativ İnkişaf Mərkəzi” tərəfindən keçirilən 2 saatlıq təlimin təlimçisi Nofəl Əliyev olub. Onlayn formatda təşkil olunan təlim zamanı müasir dövrdə süni intellekt alətlərindən istifadə imkanları, bu texnologiyaların tədris prosesinə inteqrasiyası, dərslərin daha maraqlı və interaktiv təşkili, dərs materiallarının zənginləşdirilməsi, həmçinin qısa müddətdə daha effektiv və vizual cəhətdən cəlbedici PowerPoint təqdimatlarının hazırlanması yolları barədə ətraflı məlumat verilib.
Eyni zamanda, müəllimlər təlim çərçivəsində onları maraqlandıran sualları səsləndirərək, süni intellekt vasitələrindən, o cümlədən ChatGPT platformasından səmərəli istifadə, elmi tədqiqatların aparılması, tərcümə prosesinin optimallaşdırılması və elmi məqalələrin redaktəsi istiqamətində praktiki biliklər əldə ediblər.

