Bakı Ali Neft Məktəbi (BANM) Qazaxıstanın Almatı şəhərində keçirilən “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisində uğurla təmsil olunub. Çoxsaylı ziyarətçilər BANM-in stendini böyük maraqla qarsalayıblar.
Bu barədə “Tehsil365” ə BANM-dən məlumat verilib.
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstanın elm və ali təhsil nazirinin müavini Talqat Yeşenkulov BANM-in stendi ilə tanış olublar. Rektor Elmar Qasımov BANM-in müasir tədris proqramları, qabaqcıl laboratoriya infrastrukturu və geniş beynəlxalq əməkdaşlıq şəbəkəsi haqqında ətraflı məlumat verərək, tədrisin sənayenin tələblərinə uyğun şəkildə formalaşdırıldığını, tələbələrin praktiki bilik və bacarıqlarının inkişafına xüsusi önəm verildiyini vurğulayıb.
BANM-in rəhbəri sərgidən öncə keçirilən Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumunda da iştirak edib.
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbekin də iştirak etdiyi forum çərçivəsində Bakı Ali Neft Məktəbi ilə Qazaxıstanın 4 universiteti arasında anlaşma memorandumu imzalanıb.
Qazaxıstanın Mukhametzhan Tynyshbayev adına ALT Universiteti, Almatı Texnoloji Universiteti, K.İ.Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti və Ş. Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universiteti ilə BANM arasında imzalanan memorandumlar birgə təhsil proqramlarının hazırlanması, tələbə, müəllim və tədqiqatçıların qarşılıqlı mübadiləsi, birgə layihə təkliflərinin təqdim edilməsi kimi məsələləri nəzərdə tutur.
Rektor Elmar Qasımov Qazaxıstana səfəri çərçivəsində Qazax-Britaniya Texniki Universitetində də olub və universitetin rektoru Maratbek Qabdullin ilə görüşüb.
Görüşdə iki ali təhsil müəssisəsi arasında mövcud olan uğurlu əməkdaşlıq vurğulanıb, bu əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

