Azərbaycan Memarlıq və İnşaat Universitetində 10 Aprel – İnşaatçılar Günü münasibətilə təşkil olunan “İnşaatçılar həftəsi” silsilə tədbirlərlə yekunlaşıb.
“Tehsil365” xəbər verir ki, həftə ərzində keçirilən seminarlar, ustad dərsləri, istehsalat ekskursiyaları, intellektual yarışlar və tələbə müsabiqələri gələcəyin inşaat mühəndislərinin həm nəzəri biliklərinin, həm də praktiki bacarıqlarının inkişafına xidmət edib.
Tədbirlər çərçivəsində tələbələr inşaat sahəsinin tarixi və müasir inkişaf tendensiyaları ilə tanış olub, BIM texnologiyaları, beton və armatur işləri üzrə praktik biliklər əldə ediblər. Tikinti sahələrinə təşkil olunan ekskursiyalar isə onların real istehsalat mühiti ilə yaxından tanış olmasına şərait yaradıb.
Həftə çərçivəsində keçirilən “Makaron konstruksiyalarla mühəndis qurğularının hazırlanması” müsabiqəsi tələbələrin mühəndis düşüncəsini, komanda işini və yaradıcılıq bacarıqlarını nümayiş etdirməsi baxımından əhəmiyyətli olub. Qaliblərə universitetin tərəfdaş inşaat şirkətləri tərəfindən mükafatlar təqdim edilib.
Eyni zamanda, tikinti şirkətlərinin nümayəndələri ilə görüşlər təşkil olunub, tələbələrə iş imkanları və karyera perspektivləri barədə məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti ölkədə inşaat mühəndisliyi üzrə aparıcı ali təhsil müəssisələrindən biridir. Universitetin bu sahə üzrə ixtisası beynəlxalq akkreditasiyadan keçib və məzunlara həm ölkə daxilində, həm də xaricdə fəaliyyət imkanları yaradır.
Bildirilib ki, ali təhsil ocağı tələbələrin istehsalat təcrübələrinə cəlb olunması və real layihələrdə iştirakı istiqamətində tikinti şirkətləri ilə əməkdaşlığı davam etdirir. Bu isə onların əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına şərait yaradır.
Vurğulanıb ki, ölkədə həyata keçirilən genişmiqyaslı tikinti və quruculuq işləri fonunda peşəkar inşaat mühəndislərinə tələbat artır və Azərbaycan Memarlıq və İnşaat Universiteti bu istiqamətdə ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verir.

