Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi və “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasovun nüfuzlu “Quacquarelli Symonds” (QS) təşkilatı tərəfindən təşkil olunan “Reimagine Education” müsabiqəsinə dair təlimi keçirilib.
BDU-dan “Tehsil365” ə bildirilib ki, təlim zamanı təhsildə innovasiya və texnologiyanın tətbiqini təşviq edən beynəlxalq mükafat və konfrans proqramı olan “Reimagine” proqramı haqqında məlumat verilib. Təşəbbüsün mahiyyəti, əhatə etdiyi istiqamətlər və təqdim olunan imkanlar iştirakçıların diqqətinə çatdırılıb. Ötən il həyata keçirilən analoji layihə barədə danışan Asiman İlyasov əldə edilmiş nəticələr və iştirakçıların qazandığı təcrübələrdən söz açıb. Bunlarla yanaşı, layihələrin qiymətləndirilməsi zamanı münsiflərin tələbləri və diqqət olunan məqamlar qeyd olunub.

