Bakı Dövlət Universitetinin (BDU) Məzunlar Cəmiyyətinin beşinci seminarı keçirilib.
BDU-dan “Tehsil365"ə bildirilib ki, “Azərbaycan kimliyinin əsası: yenən və yenilənən milli kimlik” mövzusunda keçirilən seminarın məruzəçisi BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin məzunu, Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri, sosial elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Vəliyev olub.
Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov BDU məzunlarının ölkənin ictimai-siyasi, iqtisadi, sosial, mədəni həyatında mühüm rol oynadıqlarını bildirib. O, Ulu Öndər Heydər Əliyevin BDU-nun dünyaşöhrətli məzunu olduğunu xüsusi vurğulayaraq, bu faktın universitetin tarixi ənənələrin və dövlətçilik məktəbinin formalaşmasındakı rolunun bariz göstəricisi olduğunu qeyd edib. Daha sonra prorektor seminar mövzusunun aktuallığına toxunaraq, müasir dövrdə milli kimlik, dövlətçilik və ictimai şüur məsələlərinin elmi baxımdan tədqiqinin xüsusi əhəmiyyət daşıdığını deyib.
BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin məzunu, Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri, sosial elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Vəliyev məruzəsində müasir Azərbaycan dövlətçiliyində milli kimlik anlayışının nəzəri əsaslarını və onun transformasiya prosesini geniş şəkildə təhlil edib. O qeyd edib ki, müasir dövrdə kimlik məsələsi yalnız etnik və tarixi çərçivədə deyil, həm də siyasi, sosial və institusional müstəvilərdə formalaşan çoxqatlı bir anlayış kimi çıxış edir.
Məruzəçi diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Zəfərdən sonrakı dövrdə Azərbaycan cəmiyyəti yeni reallıqlar fonunda milli kimlik anlayışını yenidən dəyərləndirir. Bu mərhələdə kimlik artıq yalnız keçmişə bağlı deyil, gələcəyə yönələn strateji dəyər kimi formalaşır. Bu yanaşma müstəqilliyini və ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycanın yeni inkişaf mərhələsinin ideoloji əsaslarını gücləndirir.
Çıxışda vurğulanıb ki, milli kimliyin formalaşmasında bir neçə fundamental komponent mühüm rol oynayır. Bunlara dil, tarix, coğrafiya, mədəni irs, din və dövlətçilik təcrübəsi daxildir. Dilin cəmiyyətin birləşdirici elementi olduğu, ortaq kommunikasiya mühitinin formalaşmasında əsas rol oynadığı qeyd edilib. Prezident İlham Əliyevin ana dilimizin qorunması ilə bağlı qarşıya qoyduğu tələblərin həm də milli kimliyimizin qorunmasına xidmət etdiyi diqqətə çatdırılıb.
Məruzəçi millətin, dövlətin tarixinin kollektiv yaddaşın qorunması və nəsillərarası identikliyin ötürülməsi baxımından əsas sütun olduğunu deyib. Coğrafiyanın isə Vətən anlayışının siyasi və mədəni məna kəsb etməsində mühüm amil olduğunu bildirib.
Seminarın sonunda tələbə və məzunların sualları cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb və mövzu ətrafında müxtəlif elmi yanaşmalar müzakirə edilib.

