Azərbaycan Milli İncəsənət Muzeyində müasir təsviri sənətin tanınmış nümayəndəsi, Əməkdar rəssam Vüqar Əlinin əsərlərindən ibarət “Zamanın qanadlarında. Vüqar Əli” adlı sərgi açılıb və eyniadlı kitabın təqdimatı keçirilib.
Bu barədə “Tehsil365"ə Milli İncəsənət Muzeyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, elm və təhsil nazirinin müavini İdris İsayev, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, dosent Şirin Məlikova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Ceyran Mahmudova, kitabın müəllifi, ADMİU-nun prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova çıxış ediblər.
Natiqlər rəssamın əsərlərində milli-mənəvi dəyərlərin, nağıl motivlərinin və simvolik obrazların xüsusi yer tutduğunu vurğulayıblar. Həmçinin rəssam haqqında Sevil Kərimova tərəfindən yazılmış monoqrafiyanın əhəmiyyəti qeyd olunub. Azərbaycan və ingilis dillərində hazırlanmış nəşrdə rəssamın obrazlar sistemi, simvolik dili və plastik ifadə vasitələrinin milli-mədəni kodlarla əlaqələndirərək daha geniş kontekstdə təqdim olunduğu bildirilib.
Sonda Vüqar Əli çıxış edərək sərginin və kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib və qonaqları sərgi ilə tanış olmağa dəvət edib.
Sərgidə rəssamın 40-a yaxın əsəri nümayiş olunur. Vüqar Əlinin ənənə və müasirliyin vəhdəti ilə seçilən əsərlərindən ibarət sərginin konsepsiyası rəssamın yaradıcılığına ümumi baxış üzərində qurulub. Onun əsas mövzularından biri olan və milli nağıl motivlərindən qaynaqlanan Nar qızı, Nargilə və Nar pərisi obrazları fərdi estetik yozumda təqdim edilir. 1980-ci illərdən etibarən bu mövzu rəssam üçün tükənməz ilham mənbəyinə çevrilib, müxtəlif rakurs və formatlarda yeni bədii interpretasiyalarla zənginləşdirilmişdir.
Sərgidə nümayiş olunan əsərlər yalnız təsvir olunan süjetlə kifayətlənmir, eyni zamanda rəssamın daxili dünyasını, emosiyalarını, enerjisini və gözləntilərini tamaşaçıya ötürür.
Sərgi aprelin 15-dək davam edəcək.

