Azərbaycanlı gənclərin nüfuzlu beynəlxalq fənn olimpiadalarına hazırlıq prosesi sürətlə davam edir. Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzi tərəfindən idarə olunan bu proses ölkəmizin intellektual potensialını dünya miqyasında nümayiş etdirmək məqsədi daşıyır.
“Tehsil365" xəbər verir ki, şagirdlər Respublika fənn olimpiadaları və müsabiqələrinin nəticələrinə əsasən xüsusi hazırlıq mərkəzinə cəlb olunurlar. İl boyu peşəkar təlimçilərin rəhbərliyi ilə intensiv proqram keçən namizədlər arasından yekun imtahanlar vasitəsilə ən güclülər seçilərək Azərbaycanın milli komandalarını formalaşdırırlar.
Komandaların dünyanın müxtəlif ölkələrində keçiriləcək aşağıdakı nüfuzlu yarışlarda iştirakı planlaşdırılır:
Riyaziyyat: EGMO (Fransa), BMO (Yunanıstan), JBMO (Makedoniya), IMO (Çin);
İnformatika və Texnologiya: EGOI (İtaliya), ICO (Tunis), IOI (Özbəkistan), IOAI (BƏƏ), EJOI (Serbiya);
Təbiət elmləri: IPhO (Kolumbiya), EPhO (İsveç), IChO (Özbəkistan), IMChO (Rusiya), IBO (Litva), IJSO (Özbəkistan);
Çoxsahəli: IZHO (Qazaxıstan).
Xatırladaq ki, bu hazırlıqlar gənclərin qlobal rəqabətədavamlılığını artırmaq və ölkəmizin təhsil uğurlarını beynəlxalq səviyyədə təsdiqləmək məqsədi daşıyır.

