Ümumdünya Poçt İttifaqı (ÜPİ) tərəfindən təşkil olunan 55-ci Beynəlxalq yazı müsabiqəsinə start verilib.
“Tehsil365“ xəbər verir ki, layihə gənclərin yazı bacarıqlarını inkişaf etdirməyə və onların fikirlərini beynəlxalq səviyyədə ifadə etməsinə imkan yaradır.
Bu ilin mövzusu: “Rəqəmsal dünyada insan əlaqələri nə dərəcədə əhəmiyyətlidir?”
Mövzu rəqəmsallaşma fonunda insani ünsiyyətin və emosional bağların əhəmiyyətini ön plana çəkməyə yönəlib.
İştirak qaydaları:
Müsabiqədə 9-15 yaş arası məktəblilər iştirak edə bilər;
Yazı maksimum 800 söz həcmində olmalı, əl yazısı ilə ingilis dilində yazılmalıdır;
Yazı başlıq, salamlama, əsas mətn və yekun hissədən ibarət olmaldır;
Yazının sonunda imza hissəsi (ad, soyad, ata adı. təhsil aldığı məktəb və əlaqə nömrəsi) qeyd olunmalıdır;
Süni intellektdən istifadəyə icazə verilmir və bu, müvafiq qaydada yoxlanılır;
Yazı ilə yanaşı iştirakçının yüksək keyfiyyətli fotosu (5x7 ölçüsündə çap şəklində) təqdim edilməlidir;
20 aprel 2026-cı il yazının son göndərilmə tarixidir.
Yazılar “Azərpoçt” MMC-nin Üzeyir Hacıbəyli küçəsi 72 ünvanında yerləşən İctimaiyyətlə əlaqələr şöbəsinə təqdim edilməlidir.
Əlaqə: [email protected]
Seçim prosesi:
Ölkədaxili mərhələ: Yazılar peşəkar müəllimlər tərəfindən qiymətləndirilir, ən yaxşı 3 iş seçilir. 1-ci yerin qalibi beynəlxalq mərhələdə Azərbaycanı təmsil edir. Digər qaliblər və iştirakçılar hədiyyə və sertifikatlarla təltif olunur.
Beynəlxalq mərhələ: Ölkələrdən seçilmiş namizədlər beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilir. 1, 2 və 3-cü yerlərin sahibləri qızıl, gümüş və bürünc medallarla mükafatlandırılır. Qalibə beynəlxalq tədbirdə iştirak imkanı yaradılır.
Qeyd edək ki, Azərbaycanda müsabiqənin rəsmi təmsilçisi və təşkilatçısı “Azərpoçt” MMC-dir.

