Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İnşaatçılar Günü münasibətilə silsilə tədbirlər çərçivəsində “Makaron konstruksiyaları” adlı mühəndislik yarışı təşkil olunub.
“Tehsil365"in xəbərinə görə, Mexanika kafedrasının müdiri Ceyhun Musayev bildirib ki, İnşaatçılar Günü ölkə inşaatçıları üçün mühüm və dəyərli bir gündür. Onun sözlərinə görə, son illərdə Azərbaycanda müasir inşaat sahəsində ciddi inkişaf müşahidə olunur və artıq yerli mühəndislər iri tikinti layihələrində daha fəal iştirak edirlər.
O qeyd edib ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti inşaat sahəsi üzrə kadr hazırlığında mühüm rol oynayır və tələbələrin praktiki bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir.
Musayevin sözlərinə görə, təşkil olunan yarış universitetdə ilk dəfə keçirilib və beynəlxalq təcrübədən ilhamlanaraq həyata keçirilib. Yarışda tələbələrə bir paket makaron və plastilin verilib, onlardan müəyyən vaxt ərzində ən hündür konstruksiya, ən uzun aşırımlı körpü və ya ən dayanıqlı mühəndis qurğusu hazırlamaq tələb olunub.
O bildirib ki, yarış bir saat ərzində keçirilib və proses mütəxəssislər və ekspertlər tərəfindən qiymətləndirilib. Nəticədə ən yaxşı performans göstərən tələbələr qalib seçilib və onların gələcəkdə mühəndislik sahəsində uğurlu kadr olacağına ümid ifadə olunub.
Qeyd olunub ki, yarışda İnşaat fakültəsinin II və III kurs tələbələrindən ibarət 5 komanda iştirak edib. Məhdud resurslarla keçirilən bu fəaliyyət tələbələrin yaradıcı və texniki bacarıqlarının inkişafına xidmət edib.
Sonda bildirilib ki, qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək və rəhbərlik tərəfindən tələbələrə uğurlar arzulayıb.

