Aprelin 6-da Almatı şəhərində Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu keçirilib.
“Tehsil365" xəbər verir ki, forum iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, akademik mobilliyin artırılması və birgə proqramların inkişafı baxımından mühüm platforma kimi çıxış edib.
Forumun rəsmi açılışından əvvəl Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek arasında universitet rəhbərlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə ali təhsil sahəsində dövlətlərarası əməkdaşlığın inkişafı, akademik mobillik, birgə təhsil proqramları və tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Açılış mərasimində çıxış edən Sayasat Nurbek ölkələrimiz arasında akademik əlaqələrin strateji əhəmiyyətini vurğulayaraq bildirib ki, hazırda Qazaxıstanın 62 universiteti Azərbaycanın 81 universiteti ilə əməkdaşlıq edir. Onun sözlərinə görə, forum çərçivəsində Azərbaycanın 18 universiteti ilə Qazaxıstanın 29 universiteti arasında 63 yeni memorandumun imzalanması planlaşdırılıb.
Nazir Emin Əmrullayev çıxışında qeyd edib ki, forum Azərbaycan və Qazaxıstan universitetləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm imkanlar yaradır. O vurğulayıb ki, son illərdə akademik mobilliyin və birgə proqramların artması bu əməkdaşlığın real nəticələrini nümayiş etdirir.
Forumda Azərbaycan Memarlıq və İnşaat Universiteti tədris işləri üzrə prorektor, professor Akif Qasımov tərəfindən təmsil olunub. “Study in Azerbaijan” təşəbbüsü çərçivəsində keçirilən tədbirdə AzMİU aktiv iştirak edərək beynəlxalq əməkdaşlıq istiqamətində mühüm nailiyyətlər əldə edib.
Qeyd edək ki, forumun rəsmi hissəsindən sonra akademik mübadilə, elmi əməkdaşlıq və birgə təhsil proqramlarının inkişafına xidmət edən anlaşma memorandumlarının imzalanması mərasimi keçirilib.
AzMİU-nun beynəlmilliləşmə strategiyasına uyğun olaraq 4 mühüm sənəd imzalanıb:
• Qazaxıstanın Beynəlxalq Təhsil Korporasiyası – KazGASA ilə magistratura səviyyəsində “Sənaye mühəndisliyi” ixtisasının “İnşaat materialları sənayesi” ixtisaslaşması üzrə ikili diplom proqramına dair protokol;
• E.A. Buketov adına Karaqanda Milli Tədqiqat Universiteti ilə əməkdaşlıq müqaviləsi;
• E.A. Buketov adına Karaqanda Milli Tədqiqat Universiteti ilə Orhun Mübadilə Protokolu;
• L.B. Qonçarov adına Qazax Avtomobil və Yol İnstitutu ilə əməkdaşlıq müqaviləsi.
AzMİU-nun bu forumda fəal iştirakı universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi, xarici tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi və tələbə-müəllim mübadiləsi imkanlarının artırılması istiqamətində atdığı ardıcıl addımların davamı kimi qiymətləndirilir.

