Aprelin 10-da Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin imtahan mərkəzləri arasında təhsildə qiymətləndirmə və imtahanların keçirilməsi sahəsində əməkdaşlığın gücləndirilməsi haqqında niyyət protokolu imzalanıb.
“Tehsil365" xəbər verir ki, niyyət protokolu Dövlət İmtahan Mərkəzi, Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyi yanında Milli Test Mərkəzi, Qırğızıstan Təhsil Nazirliyi yanında Təhsilin Keyfiyyətinin İnkişafı Departamenti, Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi və Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi yanında Bilik və Bacarıqların Qiymətləndirilməsi Agentliyi arasında imzalanıb.
Protokol türk dövlətləri arasında təhsildə qiymətləndirilmə və imtahan sahəsində uzunmüddətli institusional əməkdaşlığın gücləndirilməsi və strateji tərəfdaşlığın formalaşdırılması üzrə ortaq niyyəti əks etdirir.
Sənəd çərçivəsində tərəflər birgə tədbirlər, potensialın gücləndirilməsi təşəbbüsləri və bilik mübadiləsi platformaları vasitəsilə qiymətləndirmə və dəyərləndirmə sahəsində peşəkar dialoqun və təcrübə mübadiləsinin təşviqi, imtahan sistemlərinin rəqəmsal transformasiyası və müasir qiymətləndirmə platformalarının inkişafı sahəsində əməkdaşlıq imkanlarının araşdırılması, test tapşırıqlarının hazırlanması, imtahanların təşkili və nəticələrin qiymətləndirilməsi proseslərində süni intellekt və digər müasir texnologiyaların tətbiqi də daxil olmaqla innovativ metodologiyalar üzrə təcrübə və tədqiqat nəticələrinin mübadiləsi, elmi əsaslara və beynəlxalq təcrübəyə əsaslanan etibarlı dil qiymətləndirmə alətlərinin hazırlanması və geniş tətbiqi istiqamətində əməkdaşlıq edərək türk dillərinin təşviqi və tanınmasının dəstəklənməsi və s. istiqamətlərdə əməkdaşlıq edəcəklər.
Niyyət protokolu imzalandığı tarixdən qüvvəyə minir və beş il müddətində qüvvədə qalacaq.

