Uşaq tərbiyəsində ən çox müzakirə olunan mövzulardan biri də azadlıq və qayda balansıdır. Bəzi valideynlər uşağa daha çox sərbəstlik verməyin vacib olduğunu düşünür, digərləri isə qaydaların ön planda olmasının tərəfdarıdır. Bəs uşağın xoşbəxt və sağlam inkişafı üçün hansı yanaşma daha doğrudur?
Mövzu ilə bağlı psixoloq Ülviyyə Kazımova “Tehsil365"ə açıqlama verib.
Psixoloq bildirib ki, “Uşağın xoşbəxt böyüməsi üçün nə tam sərhədsiz azadlıq, nə də sərt qaydalar düzgün yanaşmadır. Əsas məsələ bu ikisi arasında balansın qorunmasıdır.”
Onun sözlərinə görə, “Azadlıq uşağın özünü ifadə etməsinə, seçim etmə bacarığının formalaşmasına kömək edir. Qaydalar isə ona təhlükəsizlik hissi verir və davranış çərçivəsini müəyyənləşdirir.”
Psixoloq vurğulayıb ki, sərhədsiz azadlıq uşaqlarda məsuliyyət hissinin formalaşmasını çətinləşdirə bilər: “Əgər uşaq üçün heç bir qayda yoxdursa, o, davranışlarının nəticələrini anlamaqda çətinlik çəkə bilər.”
Eyni zamanda, həddindən artıq sərt qaydaların da mənfi təsirləri qeyd olunur: “Çox ciddi nəzarət və qadağalar uşağın özünü ifadə etməsini məhdudlaşdırır və onda qorxu və özgüvən problemi yarada bilər.”
Sonda psixoloq bildirib ki, “Ən sağlam yanaşma sevgi, anlayış və sabit qaydalar əsasında qurulan balanslı tərbiyə modelidir. Bu model uşağın həm xoşbəxt, həm də məsuliyyətli fərd kimi formalaşmasına kömək edir.”

