Böyük Britaniyada ali təhsil sektoru ilə bağlı yayımlanan yeni hesabatda universitetlərin maliyyə dayanıqlığı ilə bağlı ciddi narahatlıqlar ifadə olunub.
“Tehsil365” xəbər verir ki, Sənəddə qeyd edilir ki, “həddindən artıq” maliyyə riskləri bir çox İngiltərə universitetlərinin fəaliyyətini təhlükə altına qoya bilər.
Hesabata əsasən, son illərdə artan xərclər, inflyasiya təzyiqləri və xarici tələbə axınında qeyri-müəyyənlik universitetlərin büdcələrinə ciddi təsir göstərir. Xüsusilə beynəlxalq tələbələrdən əldə olunan gəlirlərdən yüksək asılılıq bəzi ali təhsil müəssisələrini daha həssas vəziyyətə salıb.
Mütəxəssislər bildirirlər ki, maliyyə planlaşdırılmasının zəif olması və uzunmüddətli strategiyaların yetərsizliyi problemləri daha da dərinləşdirə bilər. Bu səbəbdən universitet rəhbərliklərinə xərclərin optimallaşdırılması və gəlir mənbələrinin şaxələndirilməsi tövsiyə olunur.
Hesabatda həmçinin vurğulanır ki, mövcud vəziyyət davam edərsə, bəzi universitetlərdə ixtisarlar, proqramların bağlanması və ya birləşmələr qaçılmaz ola bilər.
Ekspertlər hökuməti ali təhsil sektoruna əlavə dəstək göstərməyə çağırır və bildirirlər ki, bu sahənin sabitliyi ölkənin iqtisadi və elmi inkişafı üçün strateji əhəmiyyət daşıyır.

