Müasir valideynlər övladlarının bütün istəklərini qarşılamağa çalışır və bunu sevginin göstəricisi kimi qəbul edirlər. Lakin mütəxəssislər bu yanaşmanın uzunmüddətli mənfi təsirləri ola biləcəyini bildirirlər.
Mövzu ilə bağlı psixoloq “Tehsil365"ə açıqlama verib.
Psixoloq bildirib ki, “Uşağın hər istədiyini dərhal əldə etməsi onda səbrsizlik və gözlənti problemi yaradır. Bu uşaqlar gələcəkdə çətinliklərlə qarşılaşdıqda uyğunlaşmaqda çətinlik çəkə bilirlər.”
Onun sözlərinə görə, “Həddindən artıq təmin olunan uşaqlarda məsuliyyət hissi zəif inkişaf edir. Onlar əməklə nəticə əldə etmə əlaqəsini tam dərk etməyə bilərlər.”
Psixoloq vurğulayıb ki, bu yanaşma emosional inkişafı da təsirləndirir: “Belə uşaqlar ‘yox’ cavabını qəbul etməkdə çətinlik çəkir və bu da sosial münasibətlərdə problemlərə səbəb ola bilər.”
Sonda psixoloq qeyd edib ki, “Sevgi hər istəyi yerinə yetirmək deyil, uşağı həyata hazırlamaqdır. Bəzən məhdudiyyətlər qoymaq onun gələcəyi üçün daha faydalıdır.”

