Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində Almatı Menecment Universitetinin (AlmaU) rəhbərliyi ilə görüşüb.
ADNSU-dan “Tehsil365"ə bildirilib ki, görüş zamanı tərəflər arasında təhsil və elmi istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Xüsusilə, birgə beynəlxalq konfransların təşkili, akademik mobillik çərçivəsində tələbə mübadiləsi, birgə elmi araşdırmaların genişləndirilməsi, ikili diplom proqramları və elmi rəhbərlik mexanizmləri, eləcə də SCOPUS bazasına daxil olan jurnallarda birgə məqalələrin dərc olunması imkanları ön plana çıxarılıb.
Görüş tərəflər arasında institusional əməkdaşlığın gücləndirilməsi və beynəlxalq akademik əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.
1988-ci ildə təsis edilmiş Almatı Menecment Universiteti Qazaxıstanda biznes təhsili sahəsində ilk ali məktəblərdən biri hesab olunur. Universitet hazırda bakalavr, MBA və DBA proqramları üzrə mütəxəssislərin hazırlanmasını həyata keçirir və regionda idarəetmə və biznes təhsili sahəsində aparıcı ali təhsil müəssisələrindən biri kimi tanınır.

