Özbəkistanın ali təhsil müəssisələrində azərbaycanlı alimlərin iştirakı ilə mühazirə və ustad dərsləri təşkil olunub.
“Tehsil365" xəbər verir ki, bu Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Mədəniyyət laboratoriyası” layihəsi çərçivəsində baş tutub.
Layihə çərçivəsində Daşkənd Dövlət Şərqşünaslıq Universitetində bir sıra mühazirələr keçirilib.
Akademik Nizami Cəfərov mühazirəsində Azərbaycan mədəniyyətinin əsas istiqamətləri – dil, ədəbiyyat və tarix kontekstində geniş təqdimatla çıxış edib, bu sahələrin qarşılıqlı əlaqəsini və milli kimliyin formalaşmasındakı rolunu vurğulayıb.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova ədəbiyyat cərəyanları mövzusunda məruzə ilə çıxış edərək müxtəlif dövrlərdə formalaşmış ədəbi istiqamətlərin xüsusiyyətləri və onların müasir dövrdəki əhəmiyyəti barədə ətraflı məlumat verib.
Filologiya üzrə fəlsəfə doktoru, publisist Azər Turan çıxışında Özbək və Azərbaycan ədəbiyyatında türk birliyi ideyasından bəhs edərək ortaq ədəbi düşüncənin formalaşmasında bu amilin rolunu diqqətə çatdırıb.
Eyni layihə çərçivəsində Yunus Rəcəbiy adına Özbək Milli Musiqi Sənəti İnstitutunda AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimovanın iştirakı ilə ustad dərsi təşkil edilib.

