Fransa Təhsil Nazirliyinin dərc etdiyi proqnoza əsasən, 2035-ci ilə qədər ölkədə məktəblilərin sayı 2025-ci illə müqayisədə 1,67 milyon nəfərdən çox və ya 14,2% azalacaq.
“Tehsil365” "BFMTV"yə istinadən xəbər verir ki, şagird sayındakı bu azalma ölkədə doğum səviyyəsinin davamlı şəkildə düşməsi ilə bağlıdır.
Ən nəzərəçarpacaq azalma ibtidai siniflərdə gözlənilir. Eyni zamanda, bu tendensiya paytaxt Paris də daxil olmaqla Fransanın bütün regionlarını əhatə edəcək, baxmayaraq ki, ölkə ərazisi üzrə demoqrafik vəziyyət qeyri-bərabər olaraq qalır.
Proqnozda qeyd olunur ki, hesablamalar mövcud demoqrafik meyllərə və son illərin dinamikasına əsaslanır. Fransada doğumun azalması 2010-cu ildən bəri davam edir, 2025-ci ildə isə rəsmi məlumatlara görə, İkinci Dünya Müharibəsinin sonundan bəri ilk dəfə olaraq ölənlərin sayı doğulanların sayını üstələyib.

