Azərbaycan Dillər Universitetində (ADU) İngilis və alman dilləri fakültəsinin nəzdində fəaliyyət göstərən İngilis dilinin fonetikası kafedrasının təşəbbüsü ilə “Sağlam zehin, sağlam həyat” mövzusunda maarifləndirici dəyirmi masa keçirilib.
“Tehsil365” xəbər verir ki, dəyirmi masada həkim-psixoterapevt Elmir Əkbər çıxış edərək sağlam zehni mühitin formalaşdırılması, stress amillərinin təsiri və onların aradan qaldırılması üsulları barədə geniş məlumat verib. O, iştirakçılarla faydalı tövsiyələrini bölüşərək psixoloji sağlamlığın gündəlik həyatda qorunmasının əhəmiyyətini diqqətə çatdırıb.
Çıxış edən fakültə dekanı, dosent Naibə Camalzadə mövzunun aktuallığından danışıb, müasir dövrdə psixoloji sağlamlığın qorunmasının vacibliyini qeyd edib.
Tədbirdə fakültənin müəllim və tələbə heyəti iştirak edib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

