Azərbaycanın tanınmış jurnalisti, yazıçı və publisisti Osman Mirzəyev ehtiramla yad edilir.
“Tehsil365” xəbər verir ki, 13 aprel 1937-ci ildə Bakıda anadan olan Osman Mirzəyev ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamış ziyalılardan biri olub.
O, yaradıcılığı boyunca publisistika və ədəbiyyat sahəsində dəyərli əsərlər ortaya qoyub. “Adlarımız”, “Bir dəfə yaşayırıq”, “Damla və göl”, “Qartal uçuşda” kimi kitabları ilə oxucuların rəğbətini qazanıb. Eyni zamanda 1990–1991-ci illərdə Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi vəzifəsində çalışaraq dövlət idarəçiliyində də fəal iştirak edib.
Osman Mirzəyev 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında baş verən faciəli hadisə nəticəsində şəhid olub. O, içində olduğu Mi-8 vertolyotunun vurulması nəticəsində digər dövlət xadimləri ilə birlikdə həyatını itirib.
Bu gün onun adı müxtəlif təhsil müəssisələrində yaşadılır. Bakı şəhərinin Səbail rayonunda yerləşən 190 saylı orta məktəb və Lənkəran şəhərindəki qarışıq tipli uşaq evi Osman Mirzəyevin adını daşıyır.
Osman Mirzəyev Azərbaycan jurnalistikasında və ictimai fikir tarixində silinməz iz qoymuş şəxsiyyət kimi xatırlanır. Onun irsi bu gün də yeni nəsil jurnalistlər üçün örnək olaraq qalır.

