Nic kəndində Pasxa bayramı qeyd olunub.
“Tehsil365” məlumat verir ki, bu gün Nic kəndindəki Cotari alban kilsəsində təşkil olunan bayram mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, rayon icra hakimiyyətinin nümayəndələri, müxtəlif rayonlardan gələn çoxsayda qonaq və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili bu günün onlar üçün fərqli, əlamətdar bir tarix olduğunu bildirib. İcma rəhbəri Pasxa bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin diqqət və qayğısından danışıb, bayram münasibətilə insanları təbrik edib.
Udinlər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını qeyd edib, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.
Nic qəsəbəsinin axundu Orxan Xasmədov udinlərin Pasxa bayramını təbrik edib. Azərbaycanda mövcud zəngin mədəni irsin qorunub saxlanılmasını yüksək qiymətləndirən axund Nic kilsəsinin bərpasını xalqımızın tolerantlığına gözəl nümunə kimi dəyərləndirib.
Nic kəndi bu günlər qonaqlı-qaralıdır desək yanılmarıq. Çoxsaylı qonaqlar sırasında Xalq artisti Fidan Hacıyeva ilə qarşılaşırıq. Opera ifaçısı ailəsi ilə Pasxa bayramına dəvət edildiyini və bu fürsəti dəyərləndirdiyini bildirib. Fidan xanım Nicdə əsl tolerantlıq mühitinin yaşandığını, gördüyü mənzərədən, qarşılaşdığı məqamlardan qürurla danışıb.
“Dostlarıma təşəkkürümü bildirirəm ki, bizi dəvət ediblər. Bura çox gözəl, qədim bir yerdir, vuruldum bu insanların qonaqpərvərliyinə. Burada udinlərlə azərbaycanlılar bir yerdə mehribanlıqla yaşayır. Bunları birləşdirən mədəniyyət və tolerantlıqdır”,-deyən Xalq artisti Nicdə Udi Ocağı Mədəniyyət Mərkəzinin muzeyi ilə də tanış olduqlarını, böyük təəssüratlarla geri dönəcəklərini söyləyib.
Bu arada dini ibadətlər icra edilib, kilsədə şamlar yandırılıb, dualar oxunub. Məbədin həyətində bayram süfrəsi açılıb.
Xatırladaq ki, Nic kəndi tək Azərbaycanda deyil artıq dünyada tolerantlığın kiçik modeli hesab edilir. Kənddə 3 kilsə, iki məscid fəaliyyət göstərir. Azərbaycanda 4000 (min) udin yaşayır ki, onların 300-ü Oğuz və Bakıda qeydiyyatdadır. Dünyada yaşayan udinlərin sayı isə 10 minə yaxındır. Kənddə udinlər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar.

