Rəqəmsal texnologiyaların həyatımıza sürətlə daxil olması uşaqların inkişafına da ciddi təsir göstərir. Bu gün bir çox uşaq erkən yaşlardan planşet və telefonlarla vaxt keçirir. Bəs bu, onların gələcəyinə necə təsir edir?
Mövzu ilə bağlı məktəbəqədər təhsil üzrə ekspert Günel Dadaşova “Tehsil365"ə açıqlama verib.
Ekspert bildirib ki, “Planşet və digər cihazlar uşaqlara informasiya əldə etmək imkanı versə də, həddindən artıq istifadə bəzi vacib inkişaf sahələrinin zəifləməsinə səbəb ola bilər.”
Onun sözlərinə görə, “Xüsusilə canlı ünsiyyət, sosial bacarıqlar və təsəvvür gücü bu vəziyyətdən təsirlənir. Uşaq real oyun və qarşılıqlı əlaqə əvəzinə passiv şəkildə ekran qarşısında qalır.”
Ekspert qeyd edib ki, fiziki fəaliyyətin azalması da mühüm problemdir: “Hərəkətli oyunların yerini ekran əyləncələri aldıqda uşağın həm fiziki, həm də emosional inkişafı balansdan çıxa bilər.”
Sonda ekspert vurğulayıb ki, texnologiya tam qadağan edilməməli, lakin balanslı şəkildə istifadə olunmalıdır: “Əsas məqsəd uşağın həm rəqəmsal, həm də real dünyada sağlam inkişafını təmin etməkdir.”

