Mingəçevir Dövlət Universitetində “Müasir yatırım imkanları” mövzusunda Master Class təşkil olunub. Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.
“Tehsil365” xəbər verir ki, Master Class çərçivəsində “InvestAZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analitika departamentinin baş mütəxəssisi, PhD Rövşən Məmmədov “Birjada qiymətin düşməsindən necə qazanmaq olar?” mövzusunda çıxış edərək maliyyə bazarlarında risklərin idarə olunması, investisiya strategiyaları və birja əməliyyatlarının əsas prinsipləri barədə ətraflı məlumat verib.
Daha sonra “InvestAZ İnvestisiya Şirkəti” QSC-nin satış üzrə 2-ci dərəcəli meneceri Rəşad Mustafayev “Rəqəmsal aktivlər: kriptovalyutanın iqtisadi və texnoloji əsasları” mövzusunda təqdimatla çıxış edib. O, rəqəmsal aktivlərin iqtisadi mahiyyəti, kriptovalyuta bazarının xüsusiyyətləri və bu sahədə mövcud texnoloji yanaşmalar barədə iştirakçıları məlumatlandırıb.
Tədbirin sonunda məruzəçilər mövzu ilə bağlı tələbələri maraqlandıran sualları cavablandırıblar. Master Class iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

