Aprelin 12-də beynəlxalq “European Crafts Days” (Avropa bədii sənətkarlıq günləri) çərçivəsində ənənəvi dekorativ-tətbiqi incəsənətin populyarlaşdırılmasına və onun müasir bədii praktikaya inteqrasiyasına yönəlmiş yaradıcı ustad dərsi keçirilib.
“Tehsil365" xəbər verir ki, tədbirin məqsədi Azərbaycan xalça sənətinin milli mədəni irsin mühüm hissəsi kimi qorunması və aktuallaşdırılması, həmçinin rəssamlar arasında yaradıcı dialoq üçün platformanın yaradılması olub.
Ustad dərsində səkkiz rəssam – Leylifar Museyibova, Aliyə Əsədullayeva, Ləman Hacıyeva, Samirə Faizova, Ülviyyə Xeyrullazadə, Oksana Kazımova, Nigar Müslimova, Sevinc Əhmədova iştirak ediblər.
Hər bir rəssama eyni həcmli forma, yəni Şərqlə Qərb arasında mədəni və iqtisadi qarşılıqlı əlaqələrin tarixi məkanı kimi İpək Yolunu simvolizə edən keramikadan dəvə fiquru təqdim olunub. İş prosesində iştirakçılar ənənəvi Azərbaycan xalça ornamentlərini yenidən düşünərək onları müxtəlif bədii texnikalardan istifadə etməklə həcmli formaya köçürüblər. Bu texnikalara əl ilə rəngləmə, tekstil fraqmentlərinin tətbiqi ilə kollaj, eləcə də dekorativ müəllif həlləri daxildir.
Layihənin yekununda fərdi işləri vahid kompozisiya məkanında birləşdirən və vahid konsepsiya çərçivəsində bədii interpretasiyaların müxtəlifliyini əks etdirən “Karvan” adlı kollektiv bədii instalyasiya yaradılıb.
Layihənin həyata keçirilməsi milli mədəni irsə marağın gücləndirilməsinə, müasir bədii icmanın dəstəklənməsinə və mədəniyyətlərarası dialoqun inkişafına, o cümlədən Avropa bədii sənətkarlıq günləri – “European Crafts Days” təşəbbüsü çərçivəsində Azərbaycanla Avropa arasında qarşılıqlı əlaqələrin inkişafına töhfə verir.

