Onun sözlərinə görə, bu məsələ həm orta məktəb, həm də universitet səviyyəsində fərqli, lakin bir-birini tamamlayan yanaşmalar tələb edir. “Orta məktəblərdə proqramların yenilənməsi şagirdlərdə rəqəmsal savadlılıq və süni intellektlə ilkin iş vərdişlərinin formalaşması üçün təməl rolunu oynayır. Beləliklə, uşaqlar texnologiyanı sadəcə oyun və ya əyləncə vasitəsi deyil, bir problem həlletmə aləti kimi görməyə başlayırlar.”
Kibertəhlükəsizlik mütəxəssisi Elvin Abbasov “Tehsil365”ə açıqlamasında bildirib: “Süni intellektin biliyi emal etdiyi bir dövrdə təhsil sisteminin ‘süni intellekt ilə birgə yaratmaq’ fəlsəfəsinə keçid etməməsi bizi sadəcə texnoloji istehlakçı qalan bir nəsil yetişdirmək riski ilə üz-üzə qoyur.”
Abbasov qeyd edib ki, universitetlərdə isə ixtisasların transformasiyası daha strateji əhəmiyyət daşıyır. “Əgər ali təhsil müəssisələri süni intellekti bütün kurikulumlara inteqrasiya etməsələr, məzunlar əmək bazarının tələblərinə cavab verməkdə çətinlik çəkəcəklər. Təhsil sistemi tələbələrə süni intellektin verdiyi cavabları tənqidi şəkildə qiymətləndirməyi, mürəkkəb sorğular hazırlamağı və texnologiya ilə tərəfdaşlıq edərək yeni dəyər yaratmağı öyrətməlidir.”
Ekspertin fikrincə, yalnız bu halda texnologiyanı idarə edən və onu ölkənin inkişafına yönəldən bir nəsil formalaşdırmaq mümkündür. “Əks halda biz sadəcə mövcud texnologiyadan istifadə edən, lakin onu inkişaf etdirə bilməyən bir cəmiyyət olaraq qalacağıq.”

