Azərbaycanda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və bu prosesdə təhsil sisteminin rolu son illər daha çox diqqət çəkən məsələlərdən biridir. Xüsusilə 2020-ci il müharibəsi bu istiqamətdə görülən işlərin real nəticəsini ortaya qoydu.
“Tehsil365”ə açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib ki, gənclərin milli ruhda yetişdirilməsi dövlət üçün prioritet istiqamətlərdəndir və Azərbaycan bu sahədə böyük bir sınaqdan uğurla çıxıb.
Bu məsələ son dərəcə önəmlidir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların milli maraqlara uyğun formalaşdırılması hər bir dövlət üçün prioritet istiqamətlərdəndir. Azərbaycan dövləti də bu sahədə ən böyük imtahanlarından birini uğurla keçdi.
Müharibə dövründə on minlərlə gənc səfərbərlik məntəqələrinə üz tutaraq könüllü şəkildə döyüşlərə getmək istədiyini bildirdi. Bu, xalqımızın vətənə bağlılığının, yüksək milli ruhunun bariz göstəricisidir.
Bu gün dünyanın müxtəlif bölgələrində, o cümlədən bəzi ölkələrdə müharibə zamanı insanların məcburi şəkildə səfərbərliyə cəlb olunduğunu görürük. Lakin Azərbaycan gəncləri böyük ruh yüksəkliyi ilə, israrla cəbhəyə yollanırdılar. Bu, həqiqətən də böyük bir imtahandır və Azərbaycan bu imtahandan uğurla çıxdı.
Burada dövlət siyasətinin, xüsusilə Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən fəaliyyətin, eyni zamanda müəllimlərin, təhsil sisteminin, mətbuatın və qeyri-hökumət təşkilatlarının rolu danılmazdır. Vətənpərvərlik ruhu xalqımızın genetik yaddaşında formalaşmış dəyərdir.
Şübhəsiz ki, bütün sahələrdə olduğu kimi, təhsil sistemində də müəyyən çatışmazlıqlar mövcuddur və bu, təbii haldır. Lakin ümumi nəticəyə baxdıqda, demək olar ki, Azərbaycan dövləti, Azərbaycan ordusu, təhsil sistemi və xalq bu böyük sınaqdan üzüağ çıxdı.
2020-ci il müharibəsindən sonra Azərbaycan həm hərbi, həm siyasi, həm də diplomatik müstəvidə mühüm uğurlar əldə etdi. Bu qələbənin əsasında isə məktəblərdə yetişən, vətənpərvərlik ruhunda tərbiyə olunan gənclər dayanır.

