Aygül Məlikova bildirir ki, diqqət dağınıqlığının bir çox səbəbləri mövcuddur. Bunlardan biri diqqət defisiti və hiperaktivlik sindromu (DEHB) ola bilər. Digər tərəfdən, şagirdlərin yaşadığı mühitin həddindən artıq qarışıq və stimullaşdırıcı olması da diqqətin tez yayınmasına səbəb olur. Eyni zamanda ekran asılılığı, ailə daxilində keyfiyyətli ünsiyyətin azlığı və şagird danışarkən diqqətin kifayət qədər yönləndirilməməsi də bu problemi gücləndirən amillər sırasındadır.
Psixoloqun “Tehsil365”ə açıqlamasına görə, burada təkcə genetik faktorlar deyil, şagirdin ətraf mühitə verdiyi reaksiyalar və diqqətini nə dərəcədə cəmləyə bilməsi də mühüm rol oynayır. Valideynlər və müəllimlər şagirdlərdə diqqət dağınıqlığı müşahidə etdikdə ilk növbədə diqqəti yayındıran faktorları aradan qaldırmağa çalışmalıdırlar.
Bununla yanaşı, diqqətin hansı sahəsində problem olduğunu müəyyənləşdirmək vacibdir. Bu, fokuslanma, diqqətin bölünməsi və ya uzunmüddətli cəmlənmə ilə bağlı ola bilər. Vaxtında müdaxilə olunmadıqda isə bu hal şagirdlərdə öyrənmə çətinliklərinə və akademik geriləməyə səbəb ola bilər.

