Onun sözlərinə görə, orta məktəbi bitirən uşaqlar tam yetkin düşüncəyə sahib insanlar kimi cəmiyyətə qarışmırlar. “Bir çox hallarda onlar kollektiv anlayışından uzaq olurlar. Repetitor fəaliyyətinin daha qabarıq görünməsi onların yetkinləşmə imkanlarını əldən alır. Buna görə də orta məktəbi hamının həvəslə baş çəkdiyi, bağlandığı və təlim aldığı bir məkana çevirmək zərurətdir.”
Deputat Fazil Mustafa “Tehsil365”ə açıqlamasında bildirib: “Qanunvericilikdə orta məktəbin statusu ilə bağlı dəqiq ifadələr yer alır, amma bütövlükdə orta məktəb yalnız təhsil vermək yeri deyil, həm də təlim-tərbiyə yeridir. Biz təlim-tərbiyə istiqamətini tamamilə arxa plana saxlamışıq və nəticədə keyfiyyətli təhsil verə bilmədiyimiz üçün bir çox hallarda problemlər yaşayırıq.”
Fazil Mustafa əlavə edib ki, dövlət siyasətində təhsil önəmli yer tutur. “Çünki nə qədər savadlı vətəndaş çox olarsa, ölkədə cəhalətin və xurafatın qarşısı alınar, daha çox mütəxəssislərin yetişməsinə imkan yaranar. Ona görə də bütün bunlar dövlət siyasətinin ayrılmaz tərkib hissəsi kimi anlaşılmalıdır.”
Deputat vurğulayıb ki, təhsildə yeni strategiya və stimullaşdırma mexanizmləri yaradılmalıdır. “İnsanların məktəbə bağlanması üçün yeni yanaşmalar lazımdır. Əgər bu tətbiq olunarsa, orta məktəb həm təhsil, həm də tərbiyə baxımından öz funksiyasını tam yerinə yetirəcək.”

