Onun sözlərinə görə, ənənəvi metodlar artıq özünü doğrultmur və təhsil sistemi mütləq şəkildə yeni nəsillərin sürətli öyrənmə tərzinə uyğunlaşmalıdır.
Təhsil eksperti Elçin Süleymanov “Tehsil365”ə verdiyi müsahibədə şagirdlərin motivasiyası, texnologiyanın təhsildə artan rolu, mövcud çətinliklər və gələcək inkişaf istiqamətləri ilə bağlı fikirlərini açıqlayıb.
-Şagirdlərin motivasiyasını artırmaq üçün müəllimlər nəyə diqqət etməlidirlər?
-Şagirdlərin motivasiyasını artırmaq üçün müəllimlər düşünürəm ki, həvəsləndirmə metodlarından daha çox istifadə etməlidirlər. Yəni bu həvəsləndirmə xırda, simvolik bir hədiyyə də ola bilər. Şagirdlər müəyyən bala çatdığı zaman onları sinif qarşısında təbrik etmək və sair kimi motivasiya üsulları xüsusilə Z nəsli və Alfa nəsli üçün əhəmiyyətlidir. Zaman-zaman onları fərqləndirmək, auditoriya qarşısında tərifləmək onların motivasiyasını artıra bilər.
-Texnologiyanın təhsildə rolu barədə fikriniz nədir?
-Texnologiyanın təhsildə rolu şübhəsiz ki, hər gün daha da artır. Bu nəsil smart texnologiyalardan çox erkən yaşda istifadə etməyə başlayır. Müəllimlər də texnologiyanı təqib etməli, distant təhsil resurslarından, onlayn platformalardan, süni intellekt proqramlarından və vizuallaşmadan istifadə etməlidirlər. Düzdür, bütün məktəblərin maddi-texniki bazası buna imkan verməyə bilər, amma imkan daxilində istifadə edərək dərsləri maraqlı etmək vacibdir. Çünki ənənəvi təhsil metodu artıq özünü doğrultmur.
-Təhsil sahəsində ən çox rast gəlinən çətinliklər hansılardır?
-Təhsil sahəsində ən çox rast gəlinən çətinliklər şagirdlərin texnologiya aludəçiliyindən qaynaqlanır. Bu, diqqət əksikliyi, səbrsizlik, tez yorulma və fikrini toplamaqda çətinlik kimi problemlərə səbəb olur. Burada onları həvəsləndirmək, motivasiya vermək və texnologiyadan istifadənin müəyyən məhdudiyyətlər çərçivəsində tətbiqi faydalı ola bilər.
-Gələcəkdə təhsilin inkişafı üçün hansı addımlar vacibdir?
-Gələcəkdə təhsilin inkişafı üçün bu nəslin bacarıq və maraqlarına uyğun daha çevik, adaptiv və rəngarəng metodlar seçilməlidir. Qısa, diqqət dağınıqlığına imkan verməyən, eyni zamanda analitik düşüncəni inkişaf etdirən yanaşmalar tətbiq olunmalıdır. Bu nəsil daha zəkalıdır, amma səbrsizdir. Texnologiyadan istifadə edərək hər bir problemi sürətlə həll edir. Ona görə tədris verənlər bu sürətlə ayaqlaşmalı və dərsləri daha maraqlı, analitik düşüncəni gücləndirən formada qurmalıdırlar.

