Təhsil sahəsində mövcud problemlərlə bağlı müzakirələr davam edir. Bu sahədə ən çox verilən suallardan biri isə problemin əsas mənbəyinin maliyyə çatışmazlığı, yoxsa idarəetmə ilə bağlı olmasıdır.
Mövzu ilə bağlı deputat Razi Nurullayev “Tehsil365"ə açıqlama verib.
Deputat bildirib ki, “Təhsil sahəsində mövcud vəziyyəti yalnız maliyyə ilə izah etmək doğru deyil. Problem həm maliyyədə, həm də idarəetmədədir, lakin sistemin əsas zəif nöqtəsi məhz idarəetmənin keyfiyyətidir.”
Onun sözlərinə görə, beynəlxalq təcrübə də bunu təsdiqləyir: “Uğurlu təhsil modellərində əsas məsələ ayrılan vəsaitin həcmi deyil, onun necə idarə olunmasıdır. Məsələn, Finlandiya və Sinqapur kimi ölkələrdə təhsil sistemi şagirdin inkişafına, müəllimin nüfuzuna və məktəbin muxtariyyətinə əsaslanır.”
Deputat qeyd edib ki, Azərbaycanda təhsil sistemi getdikcə daha çox imtahanyönümlü xarakter alır: “Şagirdlər bilik qazanmaqdan çox test həll etməyə fokuslanır, məktəb isə bir növ imtahana hazırlıq platformasına çevrilir. Bu yanaşma nə düşünən nəsil yetişdirir, nə də real bacarıqlar formalaşdırır.”
O, həmçinin təhsildə inzibatçılığın yüksək səviyyədə olduğunu vurğulayıb: “Məktəblər və müəllimlər sərt bürokratik çərçivəyə salınıb, təşəbbüs imkanları məhdudlaşdırılıb. Qərarların mərkəzləşdirilmiş qaydada verilməsi yerində çevik yanaşmanı çətinləşdirir.”
Deputat əlavə edib ki, motivasiya sistemi də zəifdir: “Zəhmətkeş müəllimlərlə passiv yanaşanlar arasında real fərq qoyulmur. Əməkhaqqı və sosial təminat müəllimlərin cəmiyyətdəki roluna uyğun deyil, bu da ümumi keyfiyyətə təsir edir.”
Maliyyə məsələsinə toxunan deputat bildirib ki, ayrılan vəsaitin effektivliyi də suallar doğurur: “Regionlar arasında fərqlər qalır, infrastruktur problemləri tam həll olunmayıb və resurslar nəticəyönümlü idarə olunmur.”
Sonda deputat vurğulayıb ki, “Təhsildə əsas problem təkcə maliyyə çatışmazlığı deyil. İdarəetmə yanaşması dəyişmədən, imtahan yükü azaldılmadan və müəllim əməyinə real dəyər verilmədən bu sahədə ciddi irəliləyiş mümkün deyil.”

