Tarix və mədəni irsin tədrisi şagirdlərin milli kimliyinin formalaşmasında mühüm rol oynayır. Lakin bir çox hallarda bu fənlər şagirdlər üçün maraqsız və çətin qəbul edilir. Bəs tarix necə tədris olunmalıdır ki, daha cəlbedici olsun?
Mövzu ilə bağlı arxeoloq Qafar Cabıyev “Tehsil365"ə açıqlama verib.
Arxeoloq bildirib ki, “Tarix yalnız fakt və tarixlərin əzbərlənməsi kimi təqdim olunduqda şagirdlər üçün maraqlı olmur. Bu fənn canlı və interaktiv şəkildə tədris edilməlidir.”
Onun sözlərinə görə, “Şagirdlərə tarix hadisə kimi deyil, hekayə kimi çatdırılmalıdır. Bu zaman onlar keçmişi daha yaxşı anlayır və yadda saxlayırlar.”
Qafar Cabıyev qeyd edib ki, praktiki yanaşma da vacibdir: “Muzey ekskursiyaları, tarixi abidələrə səfərlər və vizual materiallardan istifadə şagirdlərin marağını artırır və mövzunu daha anlaşıqlı edir.”
O həmçinin vurğulayıb ki, müasir texnologiyalardan istifadə də önəmlidir: “Virtual turlar, sənədli filmlər və interaktiv təqdimatlar vasitəsilə tarix dərsləri daha cəlbedici hala gətirilə bilər.”
Sonda arxeoloq bildirib ki, “Əsas məqsəd şagirdlərə sadəcə məlumat vermək deyil, onlarda tarixə qarşı maraq və dəyər hissi formalaşdırmaqdır.”

