“Elektron kitablar və texnoloji yeniliklər qaçılmazdır. Amma elektron kitablar heç vaxt kağız kitabın yerini verə bilməz. Saatlarla ekrana baxmaq gözü yorur, kağız kitab isə oxucu ilə daha canlı əlaqə yaradır.”
Bu sözləri yazıçı Sabir Rüstəmxanlı "Tehsil365"ə açıqlamasında deyib.
O bildirib ki, texnologiyanın inkişafına baxmayaraq, kağız kitabların dəyəri dəyişmir və oxucular üçün xüsusi əhəmiyyət daşıyır. Yazıçının sözlərinə görə, özü də elektron kitabxanalardan istifadə etsə də, nəyisə axtararkən daha çox kağız kitablara üstünlük verir.
Sabir Rüstəmxanlı qeyd edib ki, elektron kitabxanalarla bağlı texniki problemlər və etibarlılıq məsələləri də mövcuddur. Onun fikrincə, internet və ya platforma ilə bağlı yaranan çətinliklər oxucular üçün maneə yarada bilər.
Yazıçı vurğulayıb ki, tarix boyu yeni kitab növləri yaransa da, əvvəlkilər öz dəyərini itirməyib. Əksinə, qədim kitab formalarının bu gün daha qiymətli olması bunu sübut edir.
Sonda o əlavə edib ki, gələcəkdə kağız kitabların çapı azalsa belə, onların dəyəri daha da artacaq və insanlar bu kitablara bağlı qalmağa davam edəcəklər.

