Bakı Mühəndislik Universitetində (BMU) Müəssisələrlə əlaqələr və karyera mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının “Maliyyəçisən” təcrübə proqramına həsr olunmuş infosessiya keçirilib.
“Tehsil365”in əldə etdiyi məlumata görə,tədbirdə qeyd edilib ki, bu cür proqramlar gənclərin peşəkar bacarıqlarının inkişafına, əmək bazarına daha hazırlıqlı daxil olmalarına və real iş mühitini yaxından tanımalarına geniş imkan yaradır.
Mərkəzi Bankın mütəxəssisləri Aris Hüseynov, Elmin Əmiraslanlı, aparıcı mütəxəssis Nigar Əlizadə, kiçik mütəxəssis və “Maliyyəçisən” təcrübə proqramının məzunu Amin Muxtarov çıxışlarında proqramın məqsədi, üstünlükləri və iştirakçılara təqdim etdiyi imkanlar barədə ətraflı məlumat veriblər. Bildirilib ki, proqram vasitəsilə tələbələr təhsil müddətində əldə etdikləri nəzəri bilikləri praktik fəaliyyətə tətbiq etmək, korporativ mühit və iş prosesləri ilə yaxından tanış olmaq imkanı qazanırlar. Təcrübə müddəti ərzində iştirakçılar seçdikləri istiqamətlər üzrə təyin olunan mentorların dəstəyi ilə peşəkar bacarıqlarını inkişaf etdirir, müxtəlif bankdaxili təlimlərə cəlb olunurlar. Proqramı uğurla başa vuran təcrübəçilərə Mərkəzi Bank tərəfindən sertifikat və tövsiyə məktubu təqdim edilir.
İnfosessiya çərçivəsində həmçinin müraciət proseduru, təcrübəçilərin seçim mərhələləri, müraciətlərin qəbulu və ilkin baxış, eləcə də qrup və panel müsahibələr barədə geniş məlumatlar təqdim olunub. Diqqətə çatdırılıb ki, təcrübə proqramına bakalavr pilləsinin 2-ci, 3-cü və 4-cü kurs tələbələri, magistrlər, həmçinin son iki ilin bakalavr məzunları müraciət edə bilərlər.
Təcrübə proqramına müraciət və ətraflı məlumat üçün aşağıdakı linklərdən istifadə etmək mümkündür:
https://forms.office.com/r/8420sHZmPd?origin=lprLink
https://www.cbar.az/page-726/internship-start-your-steps-with-us

