Azərbaycan Dillər Universitetinin (ADU) Əlavə təhsil, təcrübə və karyera şöbəsinin müdiri Nicat Aşurovun təşəbbüsü ilə İngilis və fransız dilləri fakültəsinin dekanı, eyni zamanda İngilis dilinin tədrisi metodikası kafedrasının dosenti V. Babayeva tərəfindən Qazax şəhər S. Əfəndiyev adına 1 nömrəli tam orta məktəbdə pedaqoji təcrübədə olan IV kurs, 428a qrup tələbəsi Səma Abbasovanın dərsi müşahidə edilib.
“Tehsil365” xəbər verir ki, təcrübə prosesi əvvəlcədən müəyyən edilmiş plana uyğun şəkildə təşkil olunub və tələbəyə metodik istiqamətlər öncədən verilib. Müşahidə olunan dərsdə təcrübəçi tələbə mövzunu tədris proqramına uyğun şəkildə təqdim edib, dərsin mərhələlərini düzgün qurmağa nail olub. O, universitetdə əldə etdiyi nəzəri bilikləri praktik mühitdə tətbiq etməyə çalışıb.
Təcrübəçi tələbə Səma Abbasova dərsin effektivliyini təmin etmək məqsədilə mövcud tədris imkanlarından səmərəli istifadə edib. Onun mövzunu izah etmə bacarığı, şagirdlərlə ünsiyyəti və dərsə hazırlığı müsbət qiymətləndirilib. Dərs prosesi 6a sinfinin ingilis dili müəllimi Nuranə Məmmədova və sinif rəhbəri Aynur Sanılının iştirakı ilə müzakirə edilib.
Qeyd olunub ki, regionlarda pedaqoji təcrübənin təşkili gələcək müəllimlərin formalaşmasında mühüm rol oynayır və onların peşəkar səriştələrinin inkişafına şərait yaradır.
Xatırladaq ki, ADU-nun rektoru akademik Kamal Abdullayev-in müəllim hazırlığı sahəsində həyata keçirilən islahatlar çərçivəsində Azərbaycan universitetləri arasında ilk dəfə olaraq IV kurs tələbələrinin region məktəblərində pedaqoji təcrübə keçməsi təşəbbüsü gələcək müəllimlərin peşə hazırlığında mühüm mərhələ kimi qiymətləndirilir.
Bu model tələbələrin nəzəri biliklərini real məktəb mühitində tətbiq etməsinə, pedaqoji bacarıqlarını inkişaf etdirməsinə və müəllimlik fəaliyyətinə daha yaxşı hazırlaşmasına imkan yaradır. Regionlarda pedaqoji təcrübənin həyata keçirilməsi tələbələrə müxtəlif sosial və təhsil mühitlərində fəaliyyət göstərmək imkanı verir, bu isə onların gələcək peşə fəaliyyətinə uyğunlaşma bacarığını gücləndirir.

