Azərbaycan Dillər Universitetinin (ADU) Dünya ədəbiyyatı və nəzəriyyəsi kafedrası ilə Doktorantura şöbəsinin birgə təşkilatçılığı ilə kafedranın dosenti, filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Rəhimovanın “Ədəbiyyatda janr polifonizmi” mövzusunda elmi seminarı keçirilib.
“Tehsil365” xəbər verir ki, seminarda Dünya ədəbiyyatı və nəzəriyyəsi kafedrasının professor-müəllim heyəti, eləcə də doktorantlar iştirak ediblər. Tədbirin əsas məqsədi müasir ədəbiyyatşünaslıqda janr nəzəriyyəsinin aktual problemlərinin müzakirəsi, müxtəlif ədəbi formaların qarşılıqlı əlaqəsinin nəzəri və praktik aspektdə təhlili olub.
Çıxış edən Ülviyyə Rəhimova publisistika, fəlsəfi traktat, məktub və gündəlik kimi janr formalarının bir bədii mətn daxilində qarşılıqlı təsirini geniş şəkildə şərh edib. O, müasir ədəbiyyatda janr sərhədlərinin əvvəlki dövrlərlə müqayisədə daha çevik xarakter daşıdığını, bu tendensiyanın isə bədii təfəkkürün yenilənməsi ilə sıx bağlı olduğunu vurğulayıb.
Seminar çərçivəsində “janr polifonizmi” anlayışının nəzəri əsasları, onun ədəbiyyat tarixində inkişaf mərhələləri və müxtəlif milli ədəbiyyatlarda təzahür formaları barədə geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, janrların sintezi və çoxsəsliliyi çağdaş bədii mətnin semantik imkanlarını genişləndirir, müəllif mövqeyinin və estetik ifadə vasitələrinin daha mürəkkəb şəkildə təqdim olunmasına şərait yaradır.
Eyni zamanda, janr nəzəriyyəsinin müasir interpretasiyaları, polifonik mətnin struktur xüsusiyyətləri və postmodern ədəbiyyatda janr keçidlərinin funksiyası kimi məsələlər də müzakirə edilib.
Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında elmi diskussiya davam etdirilib. Seminarın elmi fikir mübadiləsi baxımından faydalı platforma olduğu qeyd olunub və bu istiqamətdə gələcək tədqiqatların genişləndirilməsinin vacibliyi vurğulanıb.

