Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri tarix elmləri doktoru Nərgiz Əliyevanın “Azərbaycanda İslam mədəniyyəti (VII-XIII əsrin əvvəlləri)” kitabının ərəb dilində ikinci nəşri işıq üzü görüb.
“Tehsil365” xəbər verir ki, Misirdə İskəndəriyyə Kitabxanası Nəşr və Yayım Evi tərəfindən çap olunan kitabda Azərbaycanda İslam mədəniyyətinin yayılması, inkişafı mərhələlərə ayrılaraq tədqiq edilib, bu prosesdə xəlifələrlə bərabər Azərbaycan və azərbaycanlıların mövqeyi açıqlanıb, azərbaycanlı ziyalıların Xilafətin idarəetmə strukturlarındakı fəaliyyəti, mədəniyyət mərkəzləri ilə elmi-mədəni əlaqələri, 30-dan çox mədrəsəsində yerli müdərrislərin fəaliyyəti və Azərbaycanda müsəlman monumental tikililəri və s. haqqında ətraflı məlumat verilib.
N.Əliyeva tədqiqatın gedişində VII-XIII əsrlərdə yazılmış ərəbdilli yazılı qaynaqlarda Azərbaycanla bağlı olan mötəbər mənbələrə müraciət edib.
Mədəniyyət tariximizin elmi nailiyyətlərlə zəngin olan orta əsrlər dövrünə həsr olunan kitab ərəb və Azərbaycan elmi-mədəni əlaqələrinin tədqiqi baxımından əhəmiyyətlidir.
Kitabı ərəb dilinə filologiya üzrə fəlsəfə doktoru Şıxəli Əliyev tərcümə edib.

