Təhsilin İnkişafı Fondu (TİF) və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə əməkdaşlığı çərçivəsində icra olunan “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının IELTS imtahanına təşviq edilməsi” layihəsi üzrə 2026-cı ilin I rübünün statistik nəticələri açıqlanıb.
TİF-dən “Tehsil365” ə bildirilib ki, qeyd edilən dövr ərzində ümumilikdə 332 nəfərin IELTS imtahanı üzrə xərcləri Fond tərəfindən qarşılanıb. İştirakçıların 190 nəfəri kişi, 142 nəfəri isə qadın olub.
Təhsil səviyyələri üzrə bölgüyə əsasən, iştirakçıların böyük əksəriyyətini bakalavriat səviyyəsində təhsil alan tələbələr təşkil edir. Belə ki, layihə çərçivəsində 302 bakalavr, 24 magistratura tələbəsi, 3 doktorant və 3 müəllim iştirak edib.
Qeyd edək ki, layihə 2022-ci ildən etibarən sistemli şəkildə həyata keçirilir və ali təhsil müəssisələrində təhsilalanların və akademik heyətin xarici dil üzrə bilik və bacarıqlarının gücləndirilməsini, onların beynəlxalq təhsil və akademik imkanlara çıxışının genişləndirilməsini hədəfləyir. Bu ildən layihə üzrə tələblər təkmilləşdirilib. Namizədlər üçün IELTS imtahanından minimum 7.0 və daha yüksək nəticə qazanmaq, həmçinin imtahan nəticəsini əldə etdikləri tarixdən etibarən 6 ay müddətində təhsil aldıqları ali təhsil müəssisəsinə müraciət etmək şərti müəyyən olunub.
Layihə çərçivəsində indiyədək 14 ali təhsil müəssisəsi, eləcə də onların nəzdində fəaliyyət göstərən struktur bölmələri və filialları ilə əməkdaşlıq müqaviləsi imzalanıb.

