Sadıq Ələkbər oğlu Dadaşov Azərbaycan memarlıq tarixində mühüm yer tutan görkəmli memar və alimlərdən biri kimi tanınır.
“Tehsil365” xəbər verir ki, O, 1905-ci il aprelin 2-də Bakıda anadan olub və Azərbaycan sovet memarlığının formalaşmasında böyük rol oynayıb.
Sadıq Dadaşov yalnız memar kimi deyil, həm də memarlıq tarixçisi və pedaqoq kimi fəaliyyət göstərib. O, Azərbaycan memarlıq irsinin öyrənilməsi və inkişafı istiqamətində mühüm elmi işlər aparıb və professor elmi dərəcəsinə yüksəlib. 1941-ci ildə SSRİ Memarlıq Akademiyasının müxbir üzvü seçilib, 1945-ci ildə isə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki olub.
Onun fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. 1940-cı ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb, 1941-ci ildə isə nüfuzlu “Stalin” mükafatına layiq görülüb.
Sadıq Dadaşov 1946-cı il dekabrın 24-də Moskvada vəfat edib. Onun zəngin yaradıcılığı və elmi fəaliyyəti Azərbaycan memarlığının inkişafında bu gün də öz əhəmiyyətini qoruyur.

