Azərbaycan Dillər Universitetində (ADU) fəaliyyət göstərən Macar Mərkəzində Pasxa ənənələrində xüsusi yer tutan yumurta boyama ənənələri və texnikalarını iştirakçılara təqdim etmək məqsədilə tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbir zamanı iştirakçılar macar mədəniyyətinə xas iki ənənəvi yumurta bəzəmə texnikası ilə yaxından tanış olublar. Eyni zamanda, Pasxa dövrünə aid olan və Macarıstanda geniş yayılmış “locsolkodás” (su səpilməsi) ənənəsi haqqında ətraflı məlumat verilib.
Tədbir çərçivəsində yumurta bəzəmə ənənəsinin Azərbaycan və Macarıstan xalqları arasında ortaq mədəni paralellər təşkil etdiyi xüsusi vurğulanıb.
Tədbirin sonunda universitetin həyətində Pasxa yumurta axtarışı təşkil olunub. İştirakçılar həm ənənəvi macar motivləri ilə bəzədilmiş yumurtalarla tanış olub, həm də Macarıstana xas şirniyyatların dadına baxıblar.

