Türkiyənin Antalya Altın Kanadlar Havacılık Liseyinin (AHL) müəllim-şagird heyəti Bakı Mühəndislik Universiteti (BMU) ilə tanış olub.Azərbaycanın “AZGİS” və Türkiyənin “Maiden Flight Tech Havacılık” şirkətləri arasında əməkdaşlıq çərçivəsində gerçəkləşən ziyarətdə 58 nəfərdən ibarət türk müəllim və şagird heyəti BMU-nun tədris və tədqiqat infrastrukturu ilə yaxından tanış olmaq imkanı əldə edib.
BMU-dan “Tehsil365” ə bildirilib ki, nümayəndə heyəti universitetin müasir laboratoriyaları və Texnoparkında aparılan təcrübə və startapları əyani şəkildə izləyiblər. BMU-nun akademik heyəti tərəfindən universitetin təhsil modeli, beynəlxalq əməkdaşlıq imkanları və innovativ yanaşmaları barədə ətraflı məlumat verilib.
İnnovativ layihələr və startaplar, aparılan müxtəlif təcrübələr, ümumilikdə təhsil mühiti heyət tərəfindən maraqla qarşılanıb.
Tanışlıq zamanı əməkdaşlıq perspektivləri, tələbə və müəllim mübadiləsi, eləcə də birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.
Bu, AHL heyətinin BMU-ya sayca üçüncü gəlişidir. Ötən il daxil olmaqla, liseyin 130-dan artıq şagirdi BMU-nu ziyarət edib, universitetin tədris proqramları, texnoloji imkanları ilə tanış olub.

