Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddə “Uşaq ədəbiyyatı – mədəni dialoqun təməli” şüarı altında “Azərbaycan nağılları” və “Özbək nağılları” kitablarının təqdimatı keçirilib.
Azərbaycan Mədəniyyət Mərkəzindən “Tehsil365” ə məlumat verilib ki, tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyi, bu ölkənin elm, mədəniyyət və incəsənət xadimləri, Bakıdan gələn qonaqlar, şagirdlər iştirak ediblər.
Səfir Hüseyn Quliyev deyib ki, ölkələrimiz arasında münasibətlər XIV əsrdən başlayıb və bu gün də bütün sahələrdə uğurla inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərin daha da möhkəmlənməsinə təkan verir. O qeyd edib ki, Azərbaycan nağıllarının özbək dilinə, özbək nağıllarının isə Azərbaycan dilinə tərcümə edilərək nəşr olunması iki xalq arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə verir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli çıxışında bu kimi nəşrlərin uşaq ədəbiyyatının inkişafı, gənc nəslin milli-mənəvi dəyərlər əsasında formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, bu layihələr Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən həyata keçirilən siyasətə uyğun olaraq iki ölkə arasında mədəni-humanitar əməkdaşlığın daha da genişlənməsinə xidmət edir.
Direktor həmçinin bildirib ki, Mədəniyyət Mərkəzinin layihələri çərçivəsində hər il Özbəkistanın kitabxanalarına Azərbaycan haqqında tərcümə edilərək nəşr olunmuş minlərlə kitab təmənnasız şəkildə təqdim olunur.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxışında bu cür nəşrlərin ərsəyə gəlməsini yüksək qiymətləndirərək qeyd edib ki, belə layihələr uşaq ədəbiyyatının inkişafı və oxu mədəniyyətinin təşviqi baxımından böyük əhəmiyyət daşıyır. O bildirib ki, bu kimi nəşrlər uşaqların dünyagörüşünün formalaşmasında və onların milli-mənəvi dəyərlərlə tanışlığında mühüm rol oynayır.
“Təhsil” nəşriyyatının baş direktoru Tural Axundov çıxışında qeyd edib ki, bu kimi nəşrlər ciddi redaksiya və nəşr prosesi nəticəsində ərsəyə gəlir və uşaq ədəbiyyatının keyfiyyətli şəkildə təqdim olunması üçün mühüm rol oynayır. O, belə layihələrin davamlı şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb. O əlavə edib ki, nəşriyyat bu istiqamətdə gələcəkdə də oxşar layihələrin reallaşdırılmasında fəal iştirak etməyi planlaşdırır.
3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti və rəssam Nərmin Abdullayeva çıxışlarında belə təşəbbüsləri yüksək qiymətləndirərək uşaqların yaradıcılıq potensialının inkişafına göstərilən diqqətin əhəmiyyətini vurğulayıblar.
Qeyd olunub ki, bu kimi layihələr uşaqlar arasında mütaliə marağının artırılmasına, onların yaradıcılıq qabiliyyətlərinin inkişafına və Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.

