Bakı şəhərində Amerika Birləşmiş Ştatları Ticarət Departamentinin Kommersiya Hüququnun İnkişafı Proqramı (CLDP) tərəfindən “Regional əqli mülkiyyət üzrə ən yaxşı təcrübələr” mövzusunda seminar keçirilib.
Əqli Mülkiyyət Agentliyindən “Tehsil365” ə bildirilib ki, seminarda Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Tacikistan nümayəndələri iştirak ediblər. Regional əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsi baxımından mühüm platforma olan tədbirdə ABŞ Patent və Əmtəə Nişanları İdarəsinin nümayəndələri tərəfindən bir sıra təqdimatlar olub. Təqdimatlarda və çıxışlarda coğrafi göstəricilərin hüquqi qorunması, hüquqların tətbiqi mexanizmləri, gömrük nəzarəti çərçivəsində əqli mülkiyyət hüquqlarının müdafiəsi, həmçinin saxta və çaşdırıcı dərəcədə oxşar məhsulların müəyyən edilməsi məsələləri geniş izah edilib. Digər iştirakçı ölkələrin nümayəndələri tərəfindən də əqli mülkiyyət sahəsində yeniliklər, xüsusilə coğrafi göstəricilərin qorunması və istifadəsi ilə bağlı milli təcrübələr təqdim olunub.
Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədrinin hüquq məsələləri üzrə köməkçisi Əkbər Əliyev çıxışında ölkəmizdə əqli mülkiyyət sahəsində həyata keçirilən institusional islahatlar, rəqəmsallaşma və idarəetmənin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.O, həmçinin əqli mülkiyyət hüquqlarının qorunması, o cümlədən saxta məhsullarla mübarizə sahəsində görülən tədbirlər, aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq və aparılan maarifləndirmə fəaliyyətlərinin əhəmiyyətini vurğulayıb.
Seminar zamanı, həmçinin hüquqların tükənməsi prinsipləri (milli, regional və beynəlxalq tükənmə), paralel idxal, eləcə də gömrük orqanlarının səlahiyyətləri və risk əsaslı yanaşma ilə hüquq pozuntularının aşkar edilməsi kimi aktual mövzular müzakirə edilib.
Tədbirin sonunda ABŞ Patent və Əmtəə Nişanları İdarəsinin və CLDP-nin nümayəndələri ilə Əqli Mülkiyyət Agentliyinin nümayəndələri arasında görüş keçirilib. Görüş zamanı Agentliyin nümayəndələri seminarın əhəmiyyətini vurğulayaraq, təqdim olunan mövzuların əqli mülkiyyət hüquqlarının qorunması və tətbiqi sahəsində bilik və təcrübənin artırılmasına mühüm töhfə verdiyini vurğulayıblar. ABŞ nümayəndələri tərəfindən coğrafi göstəricilərin qorunması, bu sahədə ABŞ təcrübəsi və qorunma mexanizmləri, eləcə də müvafiq hüquqi çərçivə barədə əlavə məlumatların paylaşılmasına, həmçinin əmtəə nişanları sahəsində təlim və müzakirələrin davam etdirilməsinə hazır olduqları bildirilib.
Görüşdə Agentliyin Hüquq, apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin müdir müavini - sektor müdiri Nailə Nəsibova və Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktor müavini Nərgiz Hacıyeva iştirak ediblər.

