Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov Lənkəran Dövlət Universitetinə səfər edən Qazaxıstan Respublikasının Xalel Dosmuxamedov adına Atırau Dövlət Universitetinin nümayəndə heyətini qəbul edib.
“Tehsil365“ xəbər verir ki, görüşdə qonaq universitetin Tərcümə və xarici dillər kafedrasının müdiri Aigul Aitmukhanovna Sultangubiyeva və Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri Eleonora Doszhanovna Abdol, Lənkəran Dövlət Universitetinin rəsmiləri iştirak ediblər.
Söhbət zamanı tərəflər arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi müzakirə edilib, ikili diplom proqramı üzrə gələcək imkanlar ətrafında fikir mübadiləsi aparılıb, mövcud əməkdaşlıq çərçivəsində həyata keçirilən akademik mobillik proqramının nəticələri və perspektivlərindən ətraflı bəhs edilib.
Görüşün sonunda LDU-nun rektoru Natiq İbrahimov Xalel Dosmuxamedov adına Atırau Dövlət Universitetinin nümayəndələrinə xatirə hədiyyələri təqdim edib.
Qeyd edək ki, səfər müddətində qazaxıstanlı qonaqlar LDU-da keçirilən dərs prosesini canlı izləyəcəklər.

