Zəngin memarlıq üslubuna malik olan Quba şəhərindəki Cümə məscidinin tikintisi 1802-ci ildə ilə başa çatdırılıb.
“Tehsil365“ xəbər verir ki, Qazı İsmayıl əfəndinin maddi yardımı 1792-ci ildə inşasına başlanılan binanın tikintisi müəyyən fasilələrlə on ilə yekunlaşdırılıb.
Məscid və onun nəzdində olan mədrəsə 1924-cü ilədək fəaliyyət göstərib. Sovet dövründə digər dini məkanlar kimi onun da fəaliyyəti qadağan edilib. 1933-cü ildə mədrəsə və minarə, sonralar isə digər tikililər dağıdılıb.
Məscidin uçurulacağını bilən rayon əhalisi gecə ilə buraya dəyirman daşları və buğda gətirərək ibadət evini dəyirmana çevirib və dağıdılmaqdan qoruyub.
Bir müddətdən sonra anbar kimi istifadə olunan bina ardınca xalça muzeyi kimi fəaliyyət göstərib.
1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra tikili yenidən öz təyinatı üzrə fəaliyyətə başlayıb.
Yerli əhəmiyyətli memarlıq abidəsi olan məscidin daxildən hündürlüyü 18 metr, sahəsi isə 360 kvadratmetrdir. Məscidin tikintisində istifadə olunan zığ kərpiclər rayonun 8-10 kilometrliyində yerləşən İqrığ kəndində hazırlanıb.
Deyilənə görə, Quba camaatı həmin kənddən kərpicləri əlləri ilə bir-birinə ötürə-ötürə məscid tikilən yerə gətirib. Binanın tikintisində bitişdirici vasitə kimi əsasən un, yumurta və əhəngdən istifadə olunub. Məscidin mehrab hissəsi Mədinə şəhərindəki məsciddə olduğu kimi işlənib.
Tikilinin orta hissələrində sütunun olmaması memarın yüksək peşəkarlığından xəbər verir. Məscidin ətrafına şəbəkəli hasar çəkilib, dəstəmaz yeri və mədrəsə tikilib, ərazidə abadlıq işləri aparılıb. Türkiyə hökuməti tərəfindən məscidə minbər əlavə olunub və hündürlüyü 50 metr olan minarə ucaldılıb.

