Onun sözlərinə görə, bu məsələ sadəcə sağlamlıqla bağlı deyil, həm də gələcək nəsillərin inkişafı ilə birbaşa əlaqəlidir.
Tibb üzrə ekspert Adil Qeybulla “Tehsil365”ə açıqlamasında bildirib ki, təhsil müəssisələrində – uşaq bağçalarında, məktəblərdə, universitet klinikalarında və digər tibb ocaqlarında qidalanma məsələsinə xüsusi diqqət yetirilməlidir.
Ekspert qeyd edib ki, uşaq bağçalarında körpələrin qidalanması daha həssasdır: “Orada uşaqlar pürelərlə, vitaminli qidalarla, hətta ana südü ilə qidalanır. Bu səbəbdən onların menyusu xüsusi qaydada hazırlanmalı və ciddi nəzarət altında saxlanılmalıdır.”
Adil Qeybulla vurğulayıb ki, orta məktəblərdə də aşağı sinif şagirdlərinin sağlamlığı nəzərə alınmalıdır. “Məktəb bufetlərində bəzən energetik içkilər, müxtəlif rəngli içkilər satılır. Bu içkilərin böyük əksəriyyəti konservantlardan ibarətdir. Uşaqlar bunları alır, içirlər və nəticədə müxtəlif onkoloji xəstəliklər, mədə-bağırsaq problemləri və digər sağlamlıq riskləri ortaya çıxır.”
Ekspertin fikrincə, məktəb bufetlərində satılan bütün qidalar müvafiq dövlət qurumlarının nəzarətində olmalı, Təhsil Nazirliyi bu sahədə xüsusi təlimat hazırlamalıdır: “Uşaqlar üçün nəzərdə tutulan qidalar keyfiyyət parametrlərinə görə yoxlanılmalı, təhlükəsizliyi tam təmin edilməlidir. Energetik içkilər, rəngli qazlı içkilər və bu kimi məhsullar məktəblərdə satıla bilməz.”
Qeybulla əlavə edib ki, sağlam qidalanma uşaqların yalnız fiziki inkişafı üçün deyil, həm də psixoloji və intellektual inkişafı üçün vacibdir: “Əgər uşaqlar düzgün qidalanmırsa, onların öyrənmə qabiliyyəti, diqqət toplama bacarığı və ümumi inkişafı da zəifləyir. Bu səbəbdən qida təhlükəsizliyi təhsil siyasətinin ayrılmaz hissəsi olmalıdır.”

