Ekspert vurğulayıb ki, əmək bazarına qoşulmaq nə kursu bitirməklə, nə də universitet diplomu almaqla avtomatik baş vermir. “Bu, şəxsin potensialı ilə bağlıdır. Kursa qoşulan 20 nəfərin hamısı iş tapmır, bəzən yalnız 50-60 faiz işə düzəlir. Universiteti bitirənlərin də hamısı dərhal işlə təmin olunmur. Amma universitetdə təcrübə proqramlarına qoşulan, özünü inkişaf etdirən gənclər əmək bazarına daha rahat daxil ola bilirlər.”
Təhsil eksperti Ramin Nurəliyev “Tehsil365”ə açıqlamasında ali təhsil müəssisələrinin rolu, hazırlıq kurslarının verdiyi imkanlar və əmək bazarının tələbləri barədə geniş fikir bildirib.
Onun sözlərinə görə, ali təhsil müəssisələri 4 il ərzində daha geniş şaxəli təhsil sistemi təqdim edir, tələbələrə həm nəzəri bilik, həm də praktik bacarıqlar qazandırır. Kurslar isə daha çox müəyyən bir istiqamətə fokuslanaraq qısa müddətdə nəticə verə bilir. “Universiteti bitirən hər kəsin dərhal iş tapması gözləntisi doğru deyil. Kapitalist cəmiyyətində əmək bazarı rəqabət üzərində qurulub. Əgər bir ixtisas üzrə 100 məzun varsa və bazarda 50 nəfərə ehtiyac yaranırsa, yalnız ən yaxşı 50 nəfər işə qəbul olunur. Bu isə tələbələri öz sahələrini mükəmməl öyrənməyə və özünü təkmilləşdirməyə məcbur edir.”
Nurəliyev qeyd edib ki, sosializm dövründə formalaşan yanaşma – hər məzunun mütləq işlə təmin olunması – yanlış idi. “Bu, tənbəlləşməyə səbəb olurdu. İnsan düşünürdü ki, universiteti zəif oxusa belə, müəllim ola biləcək. Halbuki müasir dövrdə sertifikasiya imtahanları da məhz müəllimlərin və mütəxəssislərin özünü inkişaf etdirməsini təmin etmək üçün tətbiq olunur.”
Ramin Nurəliyev beynəlxalq təcrübəyə də diqqət çəkib: “Məsələn, IT sahəsində Code Academy, Step Academy kimi kurslar qısa müddətdə kadr hazırlaya bilir. Amma bu, hamının iş tapacağı demək deyil. Kurs əlavə dəstəkdir, universitet isə əsas baza verir. Universitetdə ixtisasını mükəmməl öyrənən, təcrübə proqramlarında iştirak edən gənclər əmək bazarında daha üstün mövqeyə sahib olur.”
Ekspert əlavə edib ki, kursların verdiyi imkanlar bəzən sürətli nəticə göstərsə də, onların əsas funksiyası universitet təhsilini tamamlayıcı rol oynamaqdır: “Universitetdə oxuyan tələbə kursa qoşulmaqla özünü daha da təkmilləşdirir. Bu, onun əmək bazarına daha hazır şəkildə daxil olmasına kömək edir. Amma kursu bitirmək iş tapmaq üçün yüz faiz təminat deyil.”

