“9-cu sinifə qədər ümumiyyətlə bəzi fənlərin inteqrativ şəkildə tədris olunmasını təklif edirəm. Fizika, kimya və biologiya birləşdirilərək ‘təbiət elmləri’ kimi vahid fənn şəklində keçirilə bilər. Eyni yanaşma tarix və coğrafiyaya da tətbiq oluna bilər.”
Təhsil eksperti Qoşqar Məhərrəmov “Tehsil365”ə açıqlamasında bildirib ki, ümumi təhsil sistemində fənlərin inteqrativ şəkildə qurulması şagirdlərin yükünü azaldaraq öyrənmə keyfiyyətini yüksəldə bilər.
“Hazırda şagirdlər çox sayda fərqli fənn üzrə dərs keçdiyi üçün yüklənmə və diqqət dağınıqlığı yaranır. Musiqi və rəsm kimi fənlər isə seçmə əsasda tədris oluna bilər, idman dərsi isə məcburi qalmalıdır. Yuxarı siniflərdə isə qruplar üzrə məcburi fənlər saxlanılmaqla, digər fənlərdə seçim azadlığı təmin edilə bilər.”
Ekspert hesab edir ki, fənlərin sayının azaldılması, lakin dərs saatlarının artırılması şagirdlərin diqqətinin daha yaxşı cəmlənməsinə və öyrənmənin keyfiyyətinin yüksəlməsinə xidmət edə bilər.

