Məktəbəqədər təhsilin əhəmiyyəti ilə bağlı müzakirələr fonunda valideynləri düşündürən əsas suallardan biri də budur: əgər uşaq erkən təhsilə gec başlayarsa, bu, sonradan kompensasiya oluna bilərmi?
Mövzu ilə bağlı məktəbəqədər təhsil üzrə ekspert Gülnar Məlikova “Tehsil365"ə açıqlama verib.
Ekspert bildirib ki, “Erkən yaşda təhsilə gec başlamaq müəyyən boşluqlar yarada bilər, lakin bu, geri dönməz problem deyil.”
Onun sözlərinə görə, uşağın inkişafı yalnız formal təhsillə məhdudlaşmır: “Əgər uşaq ailə mühitində ünsiyyət, oyun və gündəlik fəaliyyətlər vasitəsilə inkişaf edirsə, bir çox bacarıqlar təbii şəkildə formalaşa bilər.”
Ekspert qeyd edib ki, əsas məsələ gecikmənin necə kompensasiya olunmasıdır: “Uşaq məktəbə başladıqdan sonra düzgün yanaşma və fərdi dəstək ilə bu boşluqları qısa müddətdə aradan qaldıra bilər.”
O vurğulayıb ki, hər uşaq fərqli inkişaf tempinə malikdir: “Bəzi uşaqlar erkən təhsil almadan da sürətlə adaptasiya ola bilir. Digərləri isə daha çox dəstəyə ehtiyac duyur. Bu, tamamilə fərdi xüsusiyyətlərdən asılıdır.”
Ekspert əlavə edib ki, gec başlamağın müəyyən üstünlükləri də ola bilər: “Bəzi hallarda uşaq daha emosional yetkin və hazır vəziyyətdə məktəbə başlayır ki, bu da onun adaptasiyasını asanlaşdıra bilər.”
Bununla yanaşı, o xəbərdarlıq edib ki, uzun müddət heç bir inkişafedici mühit olmadan qalmaq arzuolunan deyil: “Əsas risk təhsilin gec başlaması deyil, uşağın stimulsuz və passiv mühitdə böyüməsidir.”
Sonda ekspert bildirib ki, “Erkən təhsil vacibdir, lakin gecikmə faciə deyil. Doğru yanaşma, dəstək və mühitlə bu fərqlər böyük ölçüdə kompensasiya oluna bilər.”

